Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.
Aclıq (acqarına) qan şəkərinin səviyyəsi, bir insanın bədəninin qan şəkərini necə idarə etdiyinə dair vacib bir göstəricidir. Yeməkdən təxminən bir saat sonra zirvəyə çatan qan şəkəri, daha sonra enməyə başlayır.
Yüksək acqarına qan şəkəri səviyyələri insulinə qarşı müqavimətə və ya diabetə işarə edərkən, anormal dərəcədə aşağı acqarına qan şəkəri isə hipoqlikemiya olaraq ifadə edilir.
Diaqnostik məqsədlə aparılan acqarına qan şəkəri ölçümünün, gecə aclığından sonra səhər saatlarında yoxlanılması daha məqsədəuyğundur. Acqarına qan şəkərini sağlam səviyyələrdə saxlamaq üçün isə insanın ilk növbədə həyat tərzində dəyişikliklər etməsi, qidalanmasına diqqət yetirməsi, fiziki fəaliyyətlərini müntəzəm hala gətirməsi və stressdən uzaq durması lazımdır.
Karbohidratların həzm edilməsi nəticəsində ortaya çıxan və ya qlikogen kimi ehtiyat mənbələrdən əldə edilən qlükozanın qan dövranımızdakı səviyyəsinə qan şəkəri (plazma qlükozu) deyilir. Vahidi milliqram/desilitrdir (mq/dL).
Aclıq qan şəkəri, qandakı qlükoza səviyyəsinin 8-10 saatlıq aclıqdan sonra ölçülən səviyyəsidir. Acqarına qan şəkəri konsentrasiyası üçün gözlənilən normal dəyərlər 70 mq/dL ilə 100 mq/dL arasındadır.
Bu səviyyə 100 ilə 125 mq/dL arasında çıxarsa, həyat və qidalanma tərzində dəyişikliklər edilməsi tələb olunur.
Sağlam bir fərddə normal qəbul edilən acqarına qan şəkəri dəyəri 70-100 mq/dL aralığında olmalıdır. Acqarına qan şəkərinin 100 ilə 125 mq/dL arasında olması prediabet (diabetönü vəziyyət), bir neçə dəfə aparılan acqarına qan şəkəri nəticəsinin 126 mq/dL-dən yuxarı olması isə diabet deməkdir.
Acqarına qan şəkəri, 8-10 saatlıq gecə aclığından sonra, qan analizi ilə venoz plazma nümunəsi alınaraq ölçülür. Nəzarət məqsədli ölçümlərdə isə fərd barmaq ucundan özü kapilyar qan nümunəsindən qan şəkəri ölçən cihazlarla acqarına qan şəkərini ölçə bilər.
Bədəndəki insulin səviyyəsinin qeyri-kafi olması və ya insulinin təsirinə qarşı müqavimət varsa, qaraciyərdə aclıq zamanı istehsal olunan qlükoza hüceyrələrə daxil ola bilmir və qan dövranındakı acqarına qlükoza, yəni şəkər səviyyəsi yüksəlir.
Aclıq qan şəkərinin normal dəyərdən yüksək olmasına pozulmuş aclıq qlükozu və ya prediabet deyilir. Aparılan tədqiqatlar göstərir ki, prediabetik fərdlərdə də diabetə aid mikro və makrovaskulyar fəsadların, yəni kiçik və böyük damarlarda müxtəlif problemlərin yaranma ehtimalı var.
Diabetin proqressiv, yəni irəliləyən bir xəstəlik olduğu nəzərə alındıqda, müdaxilə edilməyən yüksək acqarına qan şəkəri bir müddət sonra diabetik diaqnoz səviyyəsinə çata bilər.
Diabetik olmayan bir fərddə acqarına qan şəkəri yüksəkliyi prediabet deməkdir və bu fərdlərin ilk növbədə həyat tərzini dəyişməsi lazımdır. Sadə karbohidratlardan uzaq durmaq, müntəzəm fiziki fəaliyyət, nizamlı yuxu və stressdən uzaq durmaq bu dəyişikliklərin başında gəlir.
Əgər artıq çəki varsa, ideal çəkiyə düşmək prediabetik bir fərdin acqarına qan şəkəri səviyyələrinin normal aralığa qayıtmasını təmin edə bilər.
Diabetik bir fərddə isə acqarına qan şəkəri yüksək seyr edirsə, buna uyğun dərman və ya insulin müalicələrinin onları təqib edən həkimlər tərəfindən tənzimlənməsi lazımdır.
Yeməkdən sonra qan şəkəri səviyyələri yüksəlir, adətən yeməkdən təxminən bir saat sonra ən yüksək səviyyəyə çatır. Qan şəkərinin nə qədər yüksəldiyi və zirvənin dəqiq vaxtı insanın pəhrizindən asılıdır.
Qida ilə bağlı əhəmiyyətli qan şəkəri artımlarına təsir edə bilən amillər arasında böyük porsiyalı yeməklər, şəkərli qidalar və içkilərin istehlak edilməsi, çörək, şirniyyat və paketlənmiş qidalar kimi sadə karbohidratlı və ya karbohidratlı qidaların yeyilməsi yer alır.
Yeməklər arasındakı qan şəkəri səviyyələri, bədənin şəkəri necə idarə etdiyinə dair bir pəncərə açır. Yüksək acqarına qan şəkəri səviyyələri, bədənin qandakı şəkər səviyyələrini aşağı sala bilmədiyini göstərir. Bu, ya insulinə qarşı müqavimətə, ya da qeyri-kafi insulin istehsalına və bəzi hallarda hər ikisinə işarə edir.
Acqarına qan şəkəri üçün ideal dəyər 100 mq/dL-dən (5,6 mmol/L) aşağı olmasıdır. Acqarına şəkər üçün 70-100 mq/dL arası dəyərlər sağlamdır. Daha yüksək acqarına qan şəkəri səviyyələri, bədənin qan şəkərini aşağı sala bilmədiyini göstərir. Bu, insulinə qarşı müqavimətə, qeyri-kafi insulin istehsalına və diabetə işarə edir.
Hamiləlikdə səhər acqarına qan şəkəri 95 mq/dL-nin altında olmalıdır.
Ölçümdən əvvəl 8-12 saatlıq aclıq kifayətdir. Acqarına qan şəkəri ölçümünün gecə aclığından sonra səhər yoxlanılması daha məqsədəuyğundur.
Acqarına qan şəkəri ölçümündən əvvəl tərkibində şəkər olmayan az miqdarda su içilməsində heç bir problem yoxdur.
12 saatdan daha uzun sürən aclıqlarda stress hormonları da artacağı üçün aclıq vəziyyəti qan şəkərində yanlış yüksək nəticələrə səbəb ola bilər. Bundan əlavə, çox uzun müddətli aclıq hallarında hipoqlikemiya adlanan qan şəkəri düşmələri də ola bilər.
Normalda gecə yatarkən, yəni qida qəbulu olmayanda qan şəkərimizin düşməməsi üçün qaraciyər müxtəlif yollarla qlükoza istehsal edir və insanın gecə boyunca qan şəkərinin düşməsinin qarşısını alır. Əgər insanda insulinə qarşı müqavimət və ya insulin çatışmazlığı varsa, bu insanlarda qaraciyər tərəfindən istehsal olunan qlükoza hüceyrələrə daxil ola bilmir və qan şəkəri yüksəlir.
İnfeksiya bədən üçün bir stress vəziyyəti olduğu üçün qan şəkərinin yüksəlməsinə səbəb olan hallardan biridir.
İnsulin istifadə etmək üçün müəyyən bir qan şəkəri səviyyəsi yoxdur. İnsulin istifadə etmə qərarı xəstədən xəstəyə görə dəyişir. Məsələn, qan şəkəri 250 olub heç bir şikayəti olmayan bir xəstədə insulinə ehtiyac duyulmazkən, qan şəkəri 250 olub ciddi hiperqlikemiya əlamətləri olan başqa bir xəstə üçün insulin istifadə etmək lazım gələ bilər.
Qan şəkəri yüksəkliyi vəziyyətində, əgər şəxsin hələ diabet diaqnozu yoxdursa, su qəbulunu artıraraq ən qısa zamanda şəkər xəstəliyi ilə məşğul olan bir həkimdən randevu alması lazımdır. Əgər qan şəkəri mülayim səviyyədə yüksəkdirsə, fiziki fəaliyyətin də qan şəkərini aşağı salan təsiri var. Ancaq qan şəkəri 250-dən yuxarıdırsa, fiziki fəaliyyət riskli ola bilər.
Acqarına qan şəkəri səviyyələrini qiymətləndirmək üçün fərdlərin və ya səhiyyə mütəxəssislərinin istifadə etdiyi üsullar arasında Qlikozilləşmiş hemoqlobin (HbA1c) testi də var. HbA1c testi, bədənin qan şəkərini zamanla, adətən son 2-3 ayda necə idarə etdiyini ölçür. HbA1c, həkimlərin diabeti idarə etmək üçün istifadə etdiyi əsas testdir. Şəxs bu testi laboratoriya şəraitində verir. Test nəticəsində səviyyələr çox yüksək çıxarsa, şəxsin ikinci bir testə ehtiyacı ola bilər. Bu testin nəticələri faizlə göstərilir.
Acqarına qan şəkərinin sağlam səviyyəsini qorumaq və çox yüksəlməsinin qarşısını almaq üçün sağlam bir pəhriz tətbiq etmək çox vacibdir. Bu çərçivədə tətbiq olunacaq pəhrizdə bunlara diqqət edilməlidir:
Şəkər və duz qəbulu məhdudlaşdırılmalı,
Ağ çörək və makaron yerinə tam taxıllı çörək və makaron seçilməli,
Bədənin qan şəkərini aşağı salmasına kömək etmək üçün liflə zəngin qidalar istehlak edilməli,
Toxluq hissini dəstəkləmək üçün yüksək zülallı qidalar yeyilməli,
Qan şəkəri artımına səbəb olma ehtimalı daha aşağı olan nişastasız tərəvəzlər seçilməlidir.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.
Endokrinoloq həkim Dr. Günel Rəcəbova endokrinoloji xəstəliklərin müasir üsullarla müayinə və müalicəsini həyata keçirir.