Diabetik ayaq: Əlamətləri və müalicəsi

diabetik ayaq

Diyabetik ayaq, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda “nöropatiya” adlanan sinir zədələnməsi nəticəsində ayaqlarda yaranan və sürətlə inkişaf edən yaralardır.

Bu yaralar, çatlar, yarıqlar və ya qabarlar nəzarət altına alınmadıqda, müalicəsi olduqca uzun zaman tələb edir. Ayaq yaralarının diaqnozu və müalicə prosesi ayaq itkisinin qarşısını almaq baxımından çox böyük əhəmiyyət daşıyır.

Ayaqda əmələ gələn yaralar diabet xəstələrinin həyat keyfiyyətinə mənfi təsir göstərir. Sağlam insanlarda ayaqda yaranan problemlər qısa müddətdə sağalsa da, diabet xəstələrində bu proses daha uzun çəkir. Ayaqda yaranan yaralar diabetik ayaq xoralarına səbəb ola bilər.  

Diabetik xəstələr ayaqlarında hissiyat itkisi, quruluq, yanma, çatlama, tərləmə və ya keyləşmə kimi əlamətlər müşahidə etdikdə, diabetik ayaq yaraları yaranmadan öncə həkimə müraciət etməli və lazımi tədbirləri görməlidirlər. Bu əlamətlər vaskülopatiya və ya neyropatiyanın göstəricisi ola bilər.

Diabetik ayaq əlamətləri

Diabetik ayaq yaraları tədricən yaranan bir problemdir. Qısa müddətdə yayılmadığı üçün ilk mərhələlərdə aşkar edilməsi çətin ola bilər. Buna görə də, diabetik ayaq əlamətləri müşahidə edildikdə, mütəxəssis həkimə müraciət edilməlidir.

Qanda şəkərin uzun müddət nəzarətsiz qalması və qeyri-sabit olması ayaqdakı kapilyar damarların strukturlarında dəyişikliklərə səbəb ola bilər.  

Kapilyar damarlardakı daralma və tıxanmalar əzələlərə kifayət qədər qan axınını azaldır və nəticədə insan yeriyərkən ayaq və ya baldır ağrıları hiss edə bilər. Bu ağrılar zamanla şiddətlənərək insanın rahat hərəkət etməsinə mane olur. 

Bundan əlavə, gigiyena qaydalarına riayət edilməməsi də diabetik ayaq yaralarının yaranmasını sürətləndirir. Buna görə ayaq baxımına xüsusi diqqət yetirilməlidir.

Diabetik ayağın mərhələləri

Wagner təsnifatına görə diabetik ayaq mərhələləri aşağıdakı kimidir:  

– Mərhələ 0: Sağlam dəri  

– Mərhələ 1: Səthi xora  

– Mərhələ 2: Dərin xora  

– Mərhələ 3: Sümüyə təsir edən xora  

– Mərhələ 4: Ön ayaq (barmaqlar/ayaq ucu) qanqreni  

– Mərhələ 5: Bütün ayağın qanqreni  

Diabetik ayaq səbəbləri

Diabetik ayağın bir çox səbəbi var. Damar və sinir xəstəlikləri diabetik ayaq problemlərini artırır. Bundan əlavə, xəstənin siqaret çəkməsi, piylənmə, yaşın irəliləməsi, nəzarətsiz şəkər xəstəliyi, yanlış ayaqqabı seçimi və gigiyenaya riayət edilməməsi də bu səbəblər arasındadır.  

Diabetik ayağın baxımı necə olmalıdır?  

Diabetik ayaq infeksiyası, diabet xəstələrinin ayaqlarında yaranan quruluq səbəbindən çatlaqlara mikrobların daxil olması nəticəsində meydana gəlir. Həmçinin, ayaqlarda həddindən artıq tərləmə də diabetik ayaq yaralarının inkişafına şərait yarada bilər.

Buna görə xəstələrin ayaqlarını müntəzəm olaraq ilıq su və sabunla yuyub yaxşıca qurulaması vacibdir. Çatlaqların qarşısını almaq üçün həkim məsləhəti ilə nəmləndirici kremlər istifadə olunmalıdır.  

Diabetik ayaq baxımında diqqət edilməli ən vacib məqam barmaq aralarının quru olmasıdır. Yuyunduqdan və ya krem çəkildikdən sonra barmaq aralarında nəmlik qalarsa, burada asanlıqla göbələk infeksiyaları inkişaf edə bilər. 

Bu infeksiyalar irəliləyərək diabetik ayaq yaralarının yaranmasına səbəb ola bilər. Digər vacib məqam isə dırnaq baxımıdır. Dırnaqlar müntəzəm olaraq dərinin səviyyəsində kəsilməli, çox uzadılmamalıdır.  

Bundan əlavə, ayaqları uzun müddət suda saxlamaq olmaz. Həddindən artıq isti su da zərərlidir. Eyni zamanda, oynaqların sərtləşməsinin qarşısını almaq üçün ayaqlara masaj edilməlidir. 

Diabet xəstələri hər axşam ayaqlarını yoxlamalı, hər hansı yara və ya rəng dəyişikliyi müşahidə edildikdə həkimə müraciət etməlidirlər. Ayaq və baldır damarlarının vəziyyətini dəyərləndirmək üçün damar cərrahı tərəfindən müayinə olunmalıdırlar. Evdə çılpaq ayaqla gəzmək tövsiyə edilmir.  

Siqaret istifadəsi qan dövranına mənfi təsir etdiyindən tərgidilməlidir. Ayaqlardakı qan dövranını yaxşılaşdırmaq üçün gündəlik idman hərəkətləri etmək vacibdir. Diabet səbəbindən ayaqda qabar yaranıbsa, onu qayçı, ülgüc və ya digər kəsici alətlərlə təmizləmək olmaz. Qabar dərmanlarından istifadə etmək də təhlükəlidir. 

Ən doğru müalicə, diabetik ayaq klinikalarında xüsusi cihazlarla aparılan prosedurlardır. Bu qaydalara riayət edildikdə ayaqlarda yaranan yaraların əmələ gəlmə riski 50% azaldıla bilər.

Diabetik ayağın müalicəsində ayaqqabı seçiminin önəmi

Diabetik ayaq infeksiyalarının qarşısını almaq üçün düzgün ayaqqabı və corab seçimi də çox vacibdir. Corablar tikişsiz, pambıq və ya yun materialdan olmalıdır. Corablar çox sıx olmamalı və hər gün dəyişdirilməlidir. Onların yuyulması zamanı güclü kimyəvi maddələrdən istifadə edilməməlidir.  

Ayaqqabı seçimində barmaq arası terliklərdən, hündür dabanlı və dar burunlu ayaqqabılardan uzaq durulmalıdır. Bunun əvəzinə, ayağa uyğun ölçüdə diabetik ayaqqabılar alınmalıdır.

Plastik materiallardan hazırlanmış ayaqqabılar əvəzinə yumşaq dəri və ya parça materiallardan istifadə olunmalıdır. Ayaqqabıların içərisinə xüsusi içliklər qoyulmalı və vaxtaşırı dəyişdirilməlidir.

Diabetik ayağa nə yaxşı gəlir?

Qan dövranını gücləndirmək üçün qan şəkəri səviyyəsinin normal həddə saxlanması vacibdir. Bundan əlavə, qan dövranını yaxşılaşdırmaq üçün ayaq biləyi idman hərəkətləri etmək tövsiyə olunur.  

Diabetik ayağın müalicəsi

Diabetik ayaq müalicəsində ilk addım yaranın olduğu bölgənin yükdən azad edilməsidir. Bu məqsədlə, yaraya düşən təzyiqi azaltmaq üçün xüsusi ayaqqabılar və içliklər istifadə olunur. Əgər infeksiya aşkarlanarsa, damar və ya oral yolla antibiotik müalicəsi tətbiq edilir.

Ayaq və baldır damarlarının darlığı və tıxanması müəyyən edilərsə, cərrahi və ya endovaskulyar müdaxilə ilə qan dövranı bərpa olunmalıdır. Bundan sonra, ölü toxumalar təmizlənməli və yara baxımı müvafiq şəkildə aparılmalıdır.

Damar tıxanıqlığının müalicəsi

Diyabetik ayağın əlamətləri arasında damar tıxanıqlığı və daralması da yer alır. Müalicə açıq (cərrahi) və ya qapalı (endovaskulyar) üsullarla həyata keçirilə bilər. Diabetik ayaq yaraları olan xəstələrin əksəriyyətində böyük damarlarla yanaşı, kiçik ayaq və dizaltı damarlarında da problemlər ola bilər.

Yara müalicəsi üçün barmaq və ayağı qidalandıran ən azı bir damar açıq olmalıdır. Endovaskulyar üsulla, ayaq və qasıq damarlarından iynə deşikləri vasitəsilə anjioqrafiya ilə qan dövranı təmin edilə bilər.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.